Əl-Culani, yoxsa Əl-Colani?| İsrail növbəti müharibəyə, Rusiya isə razılığa gəlməyə hazırlaşır

2024/12/1733834098.jpg
Oxunub: 1380     20:21     10 Dekabr 2024    
Suriya rejiminin devrilməsinin “dəfnələri” hazırda “Həyat Təhrir əş-Şam” (HTŞ) qruplaşmasına aid edilir. Hər halda, bu dəqiqə həmin silahlı qruplaşmanın lideri əl-Culani beynəlxalq media ilə əlaqə saxlayır və Suriyanın siyasi gələcəyi ilə bağlı mümkün hadisələrdən danışır.

Rusiyanın “Nezavisimaya qazeta” nəşri ona istinad edərək bildirir ki, əl-Culani Türkiyənin “kukla”sı deyil. Görünür, Moskvada hazırda Suriyada iqtidara gələn qüvvələrlə razılaşmanın mümkünlüyünü görürlər.

Politoloq Yelena Suponinanın qiymətləndirməsinə görə, Əsədin devrilməsinə bir sıra amillər təsir edib. Eyni zamanda o, Donald Trampın ABŞ-də prezident seçkilərində qalib gəlməsini də bunlardan biri hesab edir.

Suponinanın sözlərinə görə, Tramp İranın təsirini ciddi şəkildə zəiflətmək üçün Yaxın Şərqi yenidən formatlaşdırmaq istədiyini gizlətmir və bir sıra regional aktorlar, ilk növbədə Türkiyə Suriya müxalifəti üzərində təsir imkanlarına malik olduqlarını, onlarla hesablaşmaq lazım olduğunu nümayiş etdirmək qərarına gəliblər.

Əgər bu müşahidə sırf müəllif xarakterli deyilsə, ən azı Rusiyanın “beyin mərkəzləri”nin Suriyadakı vəziyyətlə bağlı orta qiymətləndirməsi ilə əlaqəlidirsə, məlum olur ki, ya Moskvanın ABŞ prezidentliyinə namizədlərdən biri olan Trampa simpatiyası adekvat deyildi, ya da Əsədin devrilməsi və Yaxın Şərqdə islahatlar Rusiyanın real geosiyasi maraqlarından irəli gəlir.

Xüsusən də rusiyalı politoloq əminliklə deyir ki, Rusiya Suriyanı tərk etməyəcək. “Əgər orada olmayacaq biri varsa, bu, proksi qruplaşmaları ilə İrandır. Müxalifətin (Suriya) bir hissəsi, baş verənlərə baxmayaraq, Rusiyaya kifayət qədər isti münasibət bəsləyir və Rusiya hərbi bazaları məsələsi danışıqlar yolu ilə həll olunacaq”.

Mənbələrin məlumatına görə, belə bir inandırma ilə HTŞ lideri çıxış edib. Yeri gəlmişkən, əl-Culaninin rəhbərlik etdiyi hərəkatın simvolu dekabrın 8-də Suriyanın Moskvadakı səfirliyi və Sankt-Peterburqdakı Baş Konsulluğun binaları üzərində ucaldılıb. Bu o deməkdir ki, Rusiya artıq Suriyada “dinc yolla hakimiyyət dəyişikliyi”ni tanıyır.

Bir sıra Avropa ölkələri Bəşər Əsəd rejiminin devrilməsini alqışlayıb. İstisna deyil, üstəlik, çox mümkündür ki, Vaşinqton və Avropa paytaxtları da Suriyada iqtidara gələn qüvvələr ilə təmas imkanlarını axtarırlar və ya xüsusi xidmət orqanları vasitəsilə artıq ilk təmasları qurublar. Amma Moskva bəlkə də Suriya səfirliyinin binasında yeni bayrağın ucaldıldığı ilk paytaxtdır.

Rusiya mətbuatı Suriyadakı hadisələri İrana açıq-aşkar “töhmət”lə işıqlandırır. Tehran Moskvaya Əsədi xilas edəcəyinə söz verib, amma praktik olaraq hərbi əməliyyatlara müdaxilə etməyib, yoxsa əksinə, Moskva “andını pozub”? Nəsə demək çətindir. Çox güman ki, Rusiya və İran Əsədin daha bir neçə il hakimiyyətdə qalmasına sadəcə olaraq ehtiyac görmədilər.

Hazırda vacib olan bu deyil, lakin bütün şiə qrupları artıq orada olmasa, sünni “üsyançılar” Suriyada hansı qüvvələrlə qarşılaşacaqlar? Qərb mətbuatı HTŞ liderinin adının, yəni əl-Culaninin ləqəb olduğunu və “colanlı” mənasını verdiyini açıqlayıb. Colan təpələri Suriyanı İsrail, İordaniya və Livandan ayırır. Bəzi jurnalistlər həmin dağlıq yaylanı “İsrailin gözləri” adlandırıblar. 1974-cü il bufer zonası Colan təpələrini İsrail və Suriya arasında bölüb.

Dekabrın 8-də Suriya ordusu bufer zonanı tərk edib, bufer zona tamamilə İsrailin nəzarəti altına keçib. Həmin gün İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi “Colan” hərbi birləşməsinin yeni çağırışçılarına tezliklə Suriyada da döyüşəcəklərini bildirib. Əl-Colani Colan təpələrini qaytarmaq üçün İsrailə qarşı hərbi əməliyyatlara başlayacaqmı? Rusiya iki hərbi baza ilə Suriyanın ələvilər yaşayan hissəsinə nəzarət edəcəkmi?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əl-Culani   Əl-Colani  


Bizi "telegram"da izləyin